Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 17 qonaq var və üzv yoxdur

İranın nüvə proqramı ətrafındakı gərginlik səngimək bilmir. İranın nüvə silahı əldə etməyə hər gün daha da yaxınlaşdığı iddialarına paralel olaraq Qərb ilə bu ölkə arasında neft, Hörmüz boğazı, Suriyadakı proseslərdə oynadığı rol, qarşılıqlı terror iddiaları və s. səbəblərə görə də gərginlik yaşanır. Ən əsası isə İsrailin təkbaşına ya da Qərbdəki müttəfiqləri ilə birgə bu ölkənin nüvə təsisatlarına zərbə endirəcəyinə dair planlar artıq reallaşmağa doğru gedir.
Son günlərdə ABŞ və İngiltərənin İranı vurmağa qəti qərar vermiş İsraili bu fikrindən, heç olmasa təkbaşına hərəkət etməkdən daşındırmağa çalışması, İranın cənubda və dənizdə yenicə başa çatmış hərbi təlimlərinin ardınca yeni təlimlərə başlaması, ABŞ və İsrailin birgə hərbi təlimləri və çox yüksək səviyyəli hərbi və kəşfiyyat rəhbərliklərinin intensivləşən qarşılıqlı səfərləri, eləcə də Suriya məsələsində finala doğru gedilməsi (eyni zamanda İran hərbi gəmilərinin Suriyaya qısa müddətli səfəri), Rusiya Federasiyasının Baş Qərargah rəisinin İrana hücumu bu yaxınlarda gözlədiklərinə dair açıqlamaları mənzərənin nə qədər gərgin olduğunu izah etmək üçün kifayətdir.
Son məlumatlarda İsrailin Müdafiə naziri Ehud Barakın İrana mütləq hücum edilməli olduğuna inandığı, ABŞ-ın isə prezident Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tom Donilonu müzakirələr üçün İsrailə göndərdiyi bildirillir. Tom Donilonun İsrailin Baş naziri və Müdafiə naziri ilə keçirdiyi danışıqların tam nəticəsi müəyyən deyil. İsrail və ABŞ-ın haqlı olaraq bəyan etdiklərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrana gedən nümayəndə heyəti yenə də heç nəyə nail ola bilməyəcəkdir.
Maraqlıdır ki, “New York Times” qəzetinə açıqlama verən ABŞ hərbi mütəxəssisləri İrana effektiv aviazərbələr endirmək üçün ən azı 100 hərbi təyyarənin iştirakının zəruri olduğunu və bunun elə də asan olmayacağını bildirmişlər. Pilotların dost olmayan bir ölkənin hava sahəsində 1000 mildən çox uçması, havada yanacaq nəqli etməsi, İranın Hava Hücumundan Müdafiə Sistemlərinə cavab verməsi və yerin altında olan nüvə təsisatlarını sığınacaq deşən bombalarla vurması mürəkkəb bir əməliyyatdır. Qəzetə danışan hərbi mənbələrə görə 125 ədəd F-15I və F-16 reaktiv təyyarəsi olan İsrail, bu təyyarələrdən 100-nü sırf bu əməliyyatda istifadə etməlidir. Bu isə İsrail üçün həm də riskdir.
Bu arada İran dünən günortadan sonra, ölkənin cənubunda geniş bir sahədə hava müdafiə təlimlərini başlatdı. Ölkənin müdafiə gücünü artırmağı hədəfləyən təlimlərin başlıca məqsədinin xüsusilə strateji əhəmiyyətli yaşayış yerlərini və nüvə təsisatlarını mümkün hava hücumlarından qorumaq olduğu bildirilir. Dörd gün davam edəcək təlimlərdə Ordu, İslam İnqilabını Mühafizə Korpusu, eləcə də “Bəsic” və təhlükəsizlik qüvvələri birlikləri iştirak edəcəklər. Təlimlər davam edərkən İranın Baş Qərargah rəisinin müavininin ölkəsinin hər cür hücuma hazır olduğunu və təhlükə hiss etdiyi anda vurulmağı gözləmədən ilk zərbəni özlərinin endirəcəklərini açıqlaması maraq doğurur. Bu onu göstərir ki, İran artıq təhlükəni çox yaxında hiss edir, bir yandan öz ictimai rəyini buna hazırlamağa çalışır, digər yandan isə qarşıdan gələn parlament seçkilərini də bu ab-havada “yola verməyi” planlaşdırır. Eyni zamanda, bu qarşı tərəfə verilən “əməliyatlara tam hazır vəziyyətə gəlsəniz, sizi gözləmədən biz başlayarıq” mesajıdır. Beləliklə, İsraili daha hazırlıqlı vəziyyətə gələrək İranı təzyiq altında saxlamaqdan çəkindirməyə çalışırlar.
Göründüyü kimi, atmosfer olduqca gərgindir və artıq tam olaraq özündə hərbi mahiyyət daşıyır. İran və İsrail iddialarından geri durmur, əvəzində isə region barıt çəlləyi olmağa doğru gedir. Bu isə regiona sadəcə təhlükədən və uzun müddət davam edə biləcək qan tökülmə prosesi riskindən başqa heç nə vəd etmir.